Tez-tez verilən suallar

WUF13 könüllüsünün məqsədi nədən ibarətdir?

WUF13 könüllüsü Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində tədbirin səmərəli təşkil olunmasına dəstək göstərən şəxslərdir. Onlar həm hazırlıq dövründə, həm də tədbir günlərində müxtəlif departamentlərin öz əməliyyatlarını vaxtında və düzgün icra etməsinə yardım edir, tapşırıqların yerinə yetirilməsində aktiv rol alırlar.

WUF13 nədir?

WUF13 - Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan və iki ildən bir keçirilən Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum) 13-cü sessiyasıdır. Forum dayanıqlı urbanizasiya sahəsində dünyanın ən nüfuzlu qlobal konfransıdır. WUF13 2026-cı il 17-22 may tarixlərində Bakıda, Azərbaycan Hökuməti və UN-Habitat-ın birgə təşkilatçılığı ilə keçiriləcək. Forum şəhərlərin gələcəyi ilə bağlı qlobal dialoqu təşviq edir, dövlət qurumları, beynəlxalq təşkilatlar, akademik çevrələr, özəl sektor, vətəndaş cəmiyyəti və gənclər arasında əməkdaşlıq üçün unikal platforma yaradır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının məqsədi sürətli urbanizasiyanın icmalar, şəhərlər, iqtisadiyyat, iqlim və siyasətə təsirini müzakirə etmək, daha təhlükəsiz, davamlı və inklüziv şəhərlər qurmaq üçün innovativ həllərin paylaşılmasını təşviq etməkdir. İlk Ümumdünya Şəhərsalma Forumu 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilmişdir və həmin tarixdən etibarən dayanıqlı şəhər inkişafı üzrə bilik və təcrübə mübadiləsi üçün əsas beynəlxalq platformaya çevrilmişdir

Könüllü olmaq mənim həyatıma nə qatacaq?

WUF13 könüllüsü olmaq, dayanıqlı şəhər inkişafına həsr olunmuş dünyanın aparıcı forumuna qoşulmaq və qlobal fikir mübadiləsinin mərkəzində yer almaq fürsətidir. Bu proqram mehriban, dinamik və beynəlxalq komandaya qoşulmaq, yeni dostluqlar və yeni bacarıqlar əldə etmək və müxtəlif mədəniyyətlərlərlə tanış olmaq imkanı yaradır.

Könüllülük, şəxsi və peşəkar inkişaf üçün unikal təcrübədir - siz həm öyrənəcək, həm paylaşacaq, həm də Azərbaycanda təşkil olunan bu əlamətdar tədbirin uğuruna birbaşa töhfə verəcəksiniz.

WUF13-də kimlər könüllü ola bilər?

18 yaşı tamam olan və ingilis dilində sərbəst ünsiyyət qura bilən hər bir şəxs WUF13-də könüllü olmaq üçün müraciət edə bilər.

WUF13 könüllüləri yüksək təşkilatçılıq və ünsiyyət bacarıqlarına malik, məsuliyyətli və komandada işləməyi bacaran şəxslər olmalıdır. Onlar Forumun hazırlıq mərhələsində və tədbir günlərində müxtəlif departamentlərin işinə dəstək göstərərək tədbirin uğurla həyata keçirilməsinə töhfə verəcəklər.

WUF13 könüllüsü olmaq üçün hər hansı ixtisasa, peşəyə sahib olmaq və ya hansısa sahədə təlim keçmək şərtdirmi?

WUF13-də könüllü kimi iştirak etmək üçün xüsusi ixtisas və ya əvvəlcədən təlim keçmək tələb olunmur. Əgər şəhərsalma, dayanıqlı inkişaf, ətraf mühit və ya sosial məsələlər kimi WUF13-ün mövzularına uyğun sahədə təhsil alırsınızsa və ya bu istiqamətdə təcrübəniz varsa, bunu ərizənizdə qeyd etməyiniz tövsiyə olunur. Forum zamanı yerinə yetiriləcək vəzifələr üçün zəruri olan bütün təlimlər və istiqamətləndirmə sessiyaları WUF13 komandası tərəfindən könüllülərə təqdim ediləcək.

Mən WUF13-də necə könüllü ola bilərəm?

WUF13 Azərbaycanda könüllü olmaq üçün siz Könüllü Proqramı elan olunduqdan sonra

  • Aşağıdakı keçidə daxil olaraq onlayn ərizə formasını tamamlamalısınız: volunteers.wuf13.az
  • Müsahibə və təlimdən ibarət seçim proseslərindən keçməlisiniz.

Proqramın elanı ilə bağlı xəbərlərimizi izləyin.

Könüllülük proqramına müraciət üçün son tarix nə vaxtdır?

Müraciətlərin qəbulu üzrə son tarix yerli və xarici namizədlər üçün fərqlidir:

  • Azərbaycan vətəndaşları üçün: 10 dekabr, saat 23:30 (Bakı vaxtı ilə)
  • Xarici vətəndaşlar üçün: 7 yanvar, saat 18:00 (Bakı vaxtı ilə)

Göstərilən tarixlərdən sonra edilən müraciətlər nəzərə alınmayacaq.

Könüllü kimi müraciət etmək üçün yaş limiti varmı?

Bəli. 1 May 2026-cı il tarixinədək 18 yaşı tamam olan və yaşı 18-dən yuxarı olan namizədlər sərbəst şəkildə müraciət edə bilərlər.

Müraciət formasını doldurarkən suallarım olsa kimə müraciət edə bilərəm?

Müraciət formasını doldurarkən hər hansı sualınız yaranarsa, bizim çağrı mərkəzinə zəng edə (012 535 26 26) və ya volunteerssupport@wuf13.az elektron ünvanına e-məktub göndərə bilərsiniz.

İngilis dilində danışmayan şəxslər WUF13-də iştirak edə bilərmi?

WUF13-də çoxsaylı xarici qonaqların iştirak edəcəyini və tədbirin ümumilikdə ingilis dilində keçiriləcəyini nəzərə alaraq, könüllülərin ingilis dilində sərbəst ünsiyyət qurma bacarığına malik olması tələb olunur.

Mən xüsusi bir sahədə könüllü olmaq istəyirəm. Bu mümkündürmü? Mən nə etməliyəm?

Əgər sizin hər hansı xüsusi bacarığınız varsa və ya spesifik bir sahədə könüllü kimi iştirak etmək istəyirsinizsə, zəhmət olmasa müsahibə zamanı bunu qeyd edin. Məlumat üçün bildiririk ki, seçim prosesində istəyiniz nəzərə alınmaya bilər.

Doğrudurmu ki, yalnız tələbələr könüllü ola bilər?

Xeyr. Yalnız tələbələr deyil, yaşı 18-dən yuxarı olan və ingilis dilində sərbəst ünsiyyət bacarığı olan hər kəs könüllülük proqramına müraciət edə bilər.

WUF13 könüllüsü kimi seçilmək üçün mənim könüllülük təcrübəm olmalıdırmı?

WUF13 könüllüsü olmaq üçün əvvəlki könüllülük təcrübəsi vacib deyil.

Könüllülər necə seçiləcəklər?

Seçim prosesi bir neçə mərhələdən ibarətdir. Buraya namizədin bilik və bacarıqlarının bizim seçim tələblərimizə uyğunluğunun yoxlanılması, müsahibə və təlimdə iştirak mərhələləri daxildir. Xüsusi təcrübə və qabiliyyət tələb edən müəyyən könüllü vəzifələri üçün biz yenidən yoxlamalar keçirə bilərik.

Mən sadəcə qeydiyyatdan keçməklə WUF13-də könüllü ola bilərəm?

Xeyr. Qeydiyyat yalnız ilk addımdır. Siz qeydiyyatı uğurla tamamlamalı, seçim mərhələlərindən keçməli, müsahibədə iştirak etməli və təlimləri tam şəkildə başa vurmalısınız. Nəzərə almağınız xahiş olunur ki, müsahibə və təlim mərhələləri də seçim prosesinin bir hissəsidir.

Mən könüllülər qrupuna dostumla birlikdə qoşula və sonra eyni qrupda onunla birlikdə işləyə bilərəm?

Siz dostlarınızla birlikdə könüllü olmaq üçün ərizə təqdim edə bilərsiniz. Lakin onlarla eyni komandaya təsadüf etməyə bilərsiniz. Biz inanırıq ki, siz könüllü kimi təcrübə əldə etdiyiniz müddət ərzində də çoxlu yeni dostluqlar qazanacaqsınız!

Mən şansımı artırmaq üçün bir neçə ərizə təqdim edə bilərəm?

Xeyr. Qeydiyyat zamanı sistemə daxil edilən bütün məlumatların doğruluğu və eyniliyi yoxlanılır. Bu səbəbdən bir neçə ərizə ilə müraciət etsəniz belə, müraciətiniz yalnız bir namizəd kimi qeydə alınacaq.

Sizə hansı sahələrdə könüllülər lazımdır?

WUF13 könüllülərinin əsas vəzifəsi Forumun keçirildiyi məkanlarda və onun müxtəlif zonalarında qonaqları qarşılamaq, məlumat vermək, istiqamət göstərmək və tədbirin uğurlu keçirilməsinə dəstək göstərmək olacaq. Könüllülər aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcəklər:

  • Protokol
  • Nəqliyyat
  • Qonaqlama
  • İşçi Qüvvəsi Əməliyyatları
  • Məkan Əməliyyatları
  • Hava Limanı Əməliyyatları
  • Şəhər Əməliyyatları
  • Tibb
  • Uniforma
  • UN-Habitat əməkdaşları ilə bir başa əlaqəli olan sahələr
  • Media
  • İnformasiya Texnologiyaları və.s.

Ərizəmin uğurlu olub-olmaması barədə nə zaman məlumat əldə edə bilərəm?

Müraciətinizin uğurla tamamlanması ilə bağlı e-poçt və SMS üzərindən məlumat alacaqsınız.

Onlayn olmayan ərizə qəbulu mümkündür?

Təəssüf ki, bütün ərizələr onlayn formada qəbul olunur. Əgər sizin kompüter və ya mobil internet avadanlıqlarından müntəzəm istifadə etmək imkanınız yoxdursa, sizə yardım edə biləcək bir şəxsə müraciət edə bilərsiniz. Xahiş olunur nəzərə alasınız ki, könüllü olmaq üçün sizin şəxsi e-poçt ünvanınız olmalıdır.

Könüllülər üçün hansı təlim keçiriləcək və mənə sertifikat veriləcəkmi?

Sertifikat təlimlərə görə deyil, könüllülük fəaliyyətinin uğurla tamamlanmasına görə verilir. WUF13 çərçivəsində könüllər üçün ümumi təlim, rol üzrə təlim və məkan təlimi təşkil olunacaq. Bu təlimlər sizin təyin olunduğunuz vəzifələri düzgün icra etməyiniz, Forum zamanı tələb olunan bacarıqları inkişaf etdirməyiniz və ümumi iş prosesini yaxından tanımağınız üçün nəzərdə tutulub. Bundan əlavə, şəxsi inkişafınıza dəstək olmaq məqsədilə inkişaf təlimləri də təqdim ediləcək.

Forum zamanı öz vəzifəsini məsuliyyətlə və uğurla yerinə yetirən könüllər tədbir yekunlaşdıqdan sonra sertifikat əldə edəcəklər.

Təlimlərin müddəti nə qədərdir?

Təlimlərin müddəti könüllünün təyin olunduğu vəzifədən asılı olaraq dəyişir. Hər biri təxminən 2-3 saat olmaqla bir neçə təlim sessiyası təşkil olunacaq.

WUF13 mənim səfər, yaşayış və ya digər xərclərimi qarşılayacaq?

WUF13-də könüllülük fəaliyyəti zamanı könüllülər yemək və uniforma ilə təmin olunacaqlar. Bundan əlavə könüllər Forumun keçirildiyi məkanlara rahat şəkildə gedə bilmək üçün ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər. Digər xərclər - təyyarə və qatar biletləri, yaşayış yerinin kirayəsi və s. şəxsi xərclər - qarşılanmır.

Mənə könüllü kimi sərf etdiyim vaxta görə ödəniş veriləcəkmi?

Xeyr, könüllülük təmənnasız fəaliyyət növüdür. WUF13-də könüllü olmaqla Siz, təlimlərdə yeni bilik və bacarıqlar öyrənəcək, dostlar qazanacaq, iş təcrübəsi əldə edəcək, xatirə toplayacaq və sertifikatla mükafatlandırılacaqsınız.

WUF13 mənə könüllü olduğumu sübut edən sənədlər verəcəkmi?

Bəli. WUF13-də öz vəzifələrini uğurla yerinə yetirən könüllülərə, tədbir yekunlaşdıqdan sonra iştiraklarını təsdiq edən sertifikat təqdim olunacaq.

Mən yalnız təlim keçdiyim sahə üzrə çalışacam?

Bəli, hər bir könüllü təyin olunduğu və təlim aldığı pozisiya üzrə çalışacaq. Lakin WUF13-un təşkili böyük komanda işidir və tədbirin uğurla keçirilməsi üçün bəzən digər komandalara əlavə dəstək lazım ola bilər. Bu hallarda könüllülər ehtiyac yarandıqda digər sahələrə kömək göstərmək üçün yönləndirilə bilərlər.

WUF13 zamanı iş cədvəlim necə olacaq? Tədbirin başlanğıcından sonuna qədər işləmək məcburidir, yoxsa mən sadəcə bir neçə gün ərzində könüllü kimi işləyə bilərəm?

WUF13 ərzində könüllülük proqramını uğurla tamamlamaq üçün minimum 5 gün işə cəlb olunmaq tələb olunur. İş cədvəli isə sizin təyin olunduğunuz pozisiyadan və departamentin ehtiyaclarından asılı olaraq müəyyənləşdiriləcək.

Səhhətimlə bağlı xüsusi pəhriz yeməkləri lə qidalanmalıyam. WUF13 zamanı bu nəzərə alınacaqmı?

WUF13 keçirilən məkana qida məhsulları gətirmək təhlükəsizlik qaydalarına ziddir. Belə olan halda məsul şəxsləri öncədən xəbərdar etməyiniz xahiş edilir.

Təlimlərdə iştirak edə bilmədiyim təqdirdə təlim materiallarını necə əldə edə bilərəm?

Təlimlərdə iştirak mütləqdir. Xaricdə yaşayan şəxslər üçün təlimlər online qaydada keçiriləcək.

Yaşayış yerim ölkədən kənardırsa, müsahibədə necə iştirak edə bilərəm?

Ölkə xaricində yaşadığınız üçün canlı müsahibədə iştirak edə bilmirsinizsə, sizin üçün onlayn müsahibə təşkil edilə bilər, bununla əlaqədar volunteerssupport@wuf13.az elektron ünvanına öncədən sorğu göndərməyiniz xahiş olunur.

Müsahibə və təlimlərdən uğurla keçdiyim halda könüllü fəaliyyətindən kənarda qala bilərəm?

Əgər uğurlu könüllülərin sayı planlanmış könüllü vəzifələrinin sayından çox olarsa, bəzi könüllülər ehtiyat statusunda qalacaqlar.

Əgər könüllü kimi cəlb olunsam dərslərdə və imtahanlarda mənə güzəşt olunacaq?

WUF13-dəki könüllük fəaliyyətinizlə bağlı təhsil aldığınız müəəssəyə məlumat göndəriləcək.

Forum zamanı tabeliyində olduğum rəhbərlərimlə necə tanış olacağam?

Rol təlimləri zamanı hər bir komanda rəhbəri könüllülərlə tanış olacaq.

Maksimal yaş həddi varmı?

Xeyr, maksimal yaş məhdudiyyəti yoxdur. Bütün yaş qruplarından olan namizədlərin müraciətləri məmnuniyyətlə qəbul edilir.

Müraciətlərə cavablar hansı müddətdə açıqlanır?

Nəticələr bütün müsahibələr tamamlandıqdan sonra elan olunur. Prosesə dair yeniliklər SMS və e-poçt vasitəsilə namizədlərlə paylaşılır.

Könüllülər sistem tərəfindən seçilir? Yoxlanış necə aparılır?

Müraciətinizdə təqdim etdiyiniz məlumatlar və cavablar komanda tərəfindən təhlil edilir və müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir.

Qeydiyyat səhifəsi açılmırsa nə etməliyəm?

Bu, internet bağlantınız və ya müvəqqəti texniki nasazlıqla bağlı ola bilər. Hazırda istifadəçi sayı çox olduğuna görə qeydiyyat zamanı yüklənmə problemləri yaşana bilər. Xahiş edirik, səhifəni yeniləyin və bir neçə dəqiqə sonra yenidən cəhd edin.

Fövqəladə hallar üçün əlaqə nömrəsi niyə tələb olunur?

Bu məlumat, yalnız fövqəladə və təcili vəziyyətlərdə əlaqə saxlaya biləcəyimiz yaxın bir ailə üzvünüzün və ya etibar etdiyiniz şəxsin telefon nömrəsidir. Bu nömrə başqa məqsədlər üçün istifadə olunmur.

Mənim yerimə qeydiyyatdan keçə bilərsiniz?

Xeyr. Qeydiyyat prosesini yalnız namizədin özü tamamlaya bilər.

Şəxsiyyət vəsiqəmin müddəti bitmək üzrədir və ya artıq bitib. Bu, müraciətimə təsir edərmi?

Bəli. Qeydiyyatın təsdiqi üçün etibarlı və qüvvədə olan şəxsiyyət vəsiqəsinin təqdim edilməsi mütləqdir.

Məlumatların üçüncü şəxslərlə paylaşılması nə deməkdir?

Tədbir dövlət əhəmiyyətli olduğu üçün, zərurət yarandığı hallarda şəxsi məlumatlar yalnız aidiyyəti dövlət qurumları ilə paylaşılır.

Mobil nömrəm yoxdur. Ev nömrəsi ilə qeydiyyatdan keçə bilərəm?

Xeyr. Qeydiyyat üçün namizədin şəxsi mobil nömrəsi tələb olunur.

Qeydiyyatdan keçə bilmirəmsə, nə etməliyəm?

Əgər qeydiyyat zamanı çətinliklə qarşılaşırsınızsa, zəhmət olmasa volunteerssupport@wuf13.az ünvanına əlaqə nömrənizi və problemin qısa təsvirini göndərin. Komandamız müraciətinizi araşdıraraq ən qısa zamanda sizinlə əlaqə saxlayacaq.